İtaliyanın Padua şəhərində Avropada qeyri-nizam miqrasiyanın vəziyyəti müzakirə edilib

İtaliyanın Padua şəhərində Avropada qeyri-nizam miqrasiyanın vəziyyəti müzakirə edilib
Bu günlərdə İtaliyanın Padua şəhərində “Qeyri-nizam miqrantların insan hüquqlarının müdafiəsi: milli insan hüquqları təsisatlarının rolu” mövzusunda beynəlxalq seminar keçirilib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı və Padua Universiteti tərəfindən təşkil olunan seminarda Ombudsman Aparatının əməkdaşı Rəvan Səmədov iştirak edib. Bu barədə məlumatı AZADİNFORM-a Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. 20-yə yaxın ölkədən 30-dan çox nümayəndənin qatıldığı seminarda “Qeyri-nizam miqrant” anlayışı, Avropada qeyri-nizam miqrasiyanın vəziyyəti, bu kateqoriyadan olan miqrantlar barəsində tətbiq olunan beynəlxalq-hüquqi standartlar, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin miqrantlara dair işlər üzrə təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. R.Səmədov “Azərbaycanda miqrasiya məsələləri və miqrantların hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda çıxış edib. O, ölkəmizdə mövcud olan miqrasiya axınlarının növləri, onların formaları, səbəbləri barədə geniş məlumat verib. R.Səmədov Azərbaycanda müxtəlif ölkələrdən qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslərin, o cümlədən qeyri-qanuni miqrantların da mövcud olduğunu vurğulayıb.



AZADİNFORM