Meksikanın nüfuzlu “El Financiero” qəzeti 20 yanvar faciəsindən yazmışdır

Meksikanın nüfuzlu “El Financiero” qəzeti 20 yanvar faciəsindən yazmışdırMeksikanın nüfuzlu “El Financiero” qəzetində 20 Yanvar hadisələrindən bəhs edən məqalə çap olunmuşdur. Məqalədə bildirilir ki, 1990-cı ilin 20 yanvar gecəsində keçmiş sovet qoşun birləşmələrinin 26 min nəfərlik heyəti Mixail Qorbaçovun fövqəladə vəziyyət haqqında qərarına əsasən gözlənilmədən Bakıya yeridilmişdir. Lakin xalqa bu qərar barədə məlumat bir gün gec, çoxsaylı insan itkisindən sonra çatdırılmışdır.

“El Financiero” Mixail Qorbaçovun 1995-ci ildə “Uol Strit Cornal” qəzetinə müsahibəsindən sitat gətirərək yazır: “Hərbi müdaxiləyə əsas bir qrup silahlanmış və narkotik maddələr istifadə edən xuliqanların ölkədə sabitliyi pozmaq niyyəti idi.” SSSR-nin o zamankı müdafiə naziri Dmitri Yazov isə, açıq bəyan etmişdir ki, Bakıda qeyri-kommunist müxalifət qüvvələrinin 1990-cı ilin mart ayında hakimiyyətə gəlməsinin qarşısı alınmalı idi.

Məqalədə Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyinin başçısı İlqar Muxtarovun fikirləri də əksini tapmışdır. İ.Muxtarov Sovet imperiyasının qəddar aktlarından biri olan “Qara Yanvar”a dair tarixi faktları, Sovet qoşunlarının Qanlı Yanvar gecəsində 140 günahsız insanı qətlə yetirdiyini, 744 nəfəri yaralandığını oxucuların diqqətinə çatdırmışdır.

Məqalə bu fikirlə bitir: “Torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, 1991-ci ildə suverenliyini bərpa edən Azərbaycan öz müstəqilliyini qoruyub saxlamışdır”.

Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyi 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar yerli mətbuat vasitələrinə məlumat yaymışdır.

AzərTAc